1.30.2012

İranda inflyasiya nəzarətdən çıxıb

Elçin Hatəmi: «İranda qiymətlər artıb, xarici valyutanın məzənnəsi sürətlə yüksəlir»
Məhəmməd Ənsari: «Sanksiyalar bundan sonra vəziyyəti daha da çətinləşdirəcək»
Firidun İbrahimi: «Süfrəyə çörək qoymağa çətinlik çəkirəm»

Turqut
Yanvarın 23-də Brüsseldə bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri quruma üzv ölkələrin İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub. Qərara görə, İran Mərkəzi Bankının Avropa Birliyinin banklarındakı bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaqlanır. İrandan neft idxalına qoyulan qadağa sanksiyaların növbəti dalğasıdır. İran banklarına qoyulmuş sanksiyalar ucbatından biznesmenlər qanuni yollarla xarici banklara pul yatırmağa çətinlik çəkir. Son həftələrdə də İran rialının və ya tümənin qiyməti dollara nisbətdə rekord səviyyədə aşağı düşüb. İranın hər yerində valyutadəyişmə məntəqələri təhlükəsizliyi səbəb göstərərək dolların satışını dayandırıb. «Qara bazar»da valyuta alqı-satqısı ilə məşğul olan dəllallar isə həbslərlə hədələnib. İranın Mərkəzi Bankı xəbərdar edib ki, xarici valyuta gəzdirənlər onu haradan aldıqlarıyla bağlı sənəd (çek) təqdim etməlidirlər, əks təqdirdə polis onları həbs edəcək. Hətta sanskiyalar İranda işsizliyə də təsir göstərib. Rəsmi rəqəmlər 14 faizdir, bu isə 25 milyondan çox insan deməkdir. Ancaq qeyri-rəsmi rəqəmlərin bundan daha artıq olduğu deyilir. Bəs görəsən, mübahisəli nüvə proqramı ucbatından İrana qoyulan sanksiyalar bu ölkədə öz tarixi torpaqlarında yaşayan soydaşlarımıza necə təsir göstərir?
Hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Elçin Hatəmi bildirir ki, İrana qarşı sanksiyalar bütün ölkədə olduğu kimi, Güney Azərbaycanda da əhalinin həyatına, məişətinə mənfi təsir göstərir: «Sanksiyalar bir çox özəl və dövlət şirkətlərinin iflasına, cəmiyyətdə yoxsulluğun və işsizliyin artmasına səbəb olur. Eyni zamanda bir çox layihələrin yarımçıq qalması və iş yerlərinin bağlanması işsizlərin sayının daha da artmasıyla nəticələnir. Demək olar ki, İrana qarşı tətbiq edilən sanksiyaların təsiri qeyri-fars millətlərin yaşadığı bölgələrdə daha çoxdur. Çünki həmin yerlərdə onsuz da işsizlik problemi var. Odur ki, sanksiyaların tətbiq olunması nəticəsində əhalinin vəziyyəti daha da ağırlaşır, iqtisadi böhran dərinləşir. Dövlət büdcəsindən mərkəz bölgələrin iqtisadi inkişafı üçün maliyyə ayrılır. Qeyri-farsların yaşadığı ərazilərə göstərilən yardımlar qat-qat azdır. Sanksiyalar nəticəsində dövlətin gəliri azaldıqca yalnız fars əyalətlərinə büdcədən maliyyə ayrılacaq. Nəticədə yoxsulluq bütün ailələri bürüyəcək. Haqlı olaraq əhali yaranmış vəziyyətdən dövləti təqsirkar bilir. Çünki yalnız xarici və daxili siyasət nəticəsində insanlar əziyyət çəkir. İran demək olar ki, dünya ictimaiyyətindən təcrid edilib. Dövlət sanksiyaların tətbiq edilməsində Qərbi ədalətsizlikdə ittiham edir, hakimiyyət tərəfdarları isə bu fikri cəmiyyətdə təbliğ etməyə çalışırlar. Lakin ölkədə sosial-iqtisadi vəziyyətin gündən-günə ağırlaşması artıq ictimaiyyəti narahat etməyə başlayıb. İranda ərzaq da daxil olmaqla bütün malların və məhsulların qiyməti artıb, inflyasiya nəzarətdən çıxıb, xarici valyutanın məzənnəsi sürətlə yüksəlir. Sanksiyalar nəticəsində ölkədə vəziyyətin daha da ağırlaşacağı gözlənilir ki, bundan da ən çox zərər görəcək yerlərdən biri də Güney Azərbaycan olacaq». O deyir ki, rəsmi statistikalara görə, İran iqtisadiyyatının 80-90 faizi neft gəlirinə bağlıdır: «İran neftinə sanksiya tətbiqi isə Güney Azərbaycan da daxil olmaqla bütün İranı fəlakətə uğradacaq. Neft sanksiyasının təsiri tədricən özünü göstərəck. Artıq bir çox ölkələr İrandan neft alışını dayandırmağı düşünürlər və alternativ olaraq da ərəb ölkələrini seçirlər. Düzdür, bu məsələdə Güney Azərbaycanda da əhali çox çətinlik görəcək. Amma bu digər tərəfdən də Güneyin xeyrinədir. Çünki neft satılmadığı təqdirdə İran dövlət olaraq çökməyə məhkum olacaq. Təzyiqlər davam edərsə, rejimin devrilməsi qaçılmazdır. O zaman millətlər azadlıqlarına qovuşacaq və İranda insan haqlarını tanıyan demokratik quruluş hakimiyyətə gələcək». Elçin Hatəmi İranın iqtisadi cəhətdən zəifləməsinin Güney Azərbaycanı istiqlaliyyətə yaxınlaşdıracağını deməyin çox asan olmadığını vurğulayır: «Bu məsələni həyata keçirmək çətindir. Bunun üçün tarixi şərait də olmalıdır. Eləcə də iqtisadiyyat da vacib olan amillərdən biridir. Odur ki, bu uzun bir prosesdir. Bunun üçün tarixi və zehni şəraitin olması, beynəlxalq aləmin dəstək verməsi, daxildə və xaricdə mübarizə aparan Güney Azərbaycan siyasi partiyalarının və təşkilatların məntiqlə, diplomatik üsullarla birgə fəaliyyət göstərməsi lazımdır».
Təbrizdən olan bəstəkar, London Universitetinin Qoldsmis mədəniyyət kollecində təhsil alan 35 yaşlı Məhəmməd Ənsari sanksiyalar nəticəsində İran iqtisadiyyatının düşdüyü durumun təsirinə məruz qalan bir çox soydaşımızdan biridir: «Sanksiyalar mənə çox böyük təsir göstərir. Çünki İran tüməninin qiyməti qalxdığından valideynlərimin təhsil üçün göndərdikləri pulun dəyəri çox aşağıdır. Elə bu yaxınlarda mənə İrandan göndərilmiş pul valyuta mübadiləsi nəticəsində dəyərini itirib. Bir neçə ay bundan öncə göndərilsəydi həmin pulun məbləği 2000 funt-sterlinq olacaqdı. İndi isə cəmi 1600 funt-sterlinqdir». Onun sözlərinə görə, sanksiyalar bundan sonra vəziyyəti daha da çətinləşdirəcək: «Əgər dollar min tümən idisə, indi olub 2 min tümən. Xaricdə təhsil alan uşağına bir ailə əvvəl 300 min tümən göndərirdisə, indi 600 min tümən göndərməli olur». Məhəmməd Ənsari bildirir ki, İranda bir çox mallar istehsal olunmur və əsasən Çindən gətirilir: «Çindən ixracat isə dollarla edilir. Məsələn, biznesmen Çindən gətirdiyi bir soyuducunu 500 dollara satırdısa, indi onu 1000 dollara satmağa məcburdur. İnsanların alış-veriş gücü isə 6 ay bundan əvvələ nisbətən azalıb»
Kərəc şəhərindən olan 40 yaşlı Firidun İbrahimi İranın avtomobil istehsal edən «Xodro» şirkətində 15 il işlədikdən sonra işini itirib: «Mən «Mersedes-Benz» avtomobillərini yığırdım. Amma sanksiyalara görə, «Daimler» şirkəti İranla əlaqələri kəsib və nəticədə mən işimi itirmişəm. Özbaşıma işləyirəm, süfrəyə çörək qoymağa çətinlik çəkirəm». Ancaq o, ölkəsinin Qərbin təzyiqinə tab gətirə biləcəyinə və vəziyyətin düzələcəyinə inanır: «Bu mənim ölkəmə qarşı psixoloji müharibədir, Amma biz bütün təzyiqlərə tab gətirəcəyik. Mənim oğlumun nəsli güclü İranda yaşaya biləcək».
xalqcəbhəsi Qəzeti