12.05.2011

Diaspor qurumlarımızın əksəriyyəti öz mənafeyini güdür (Ekspres qəzetilə müsahibəm)

Azərbaycan diasporu deyərkən daha çox Avropada, ABŞ-da və Rusiyada yaşayan soydaşlarımızın bu yöndəki fəaliyyətləri nəzərdə tutulur. Ancaq bir çox diaspor mütəxəssisləri belə hesab edir ki, Azərbaycana yaxın olan Türkiyədə diasporumuzun gücü yetərincə deyil. Bu səbəbdən də qardaş dövlətdə diaspor işinə ciddi diqqət edilməlidir. Həmsöhbətimiz Türkiyədə fəal diaspor işi ilə məşğul olan Elçin Hatəmi də bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycan diasporu təkcə Türkiyədə deyil, ümumiyyətlə dünyada zəif diasporlardan sayılır. 
  
   - Öncə özünüz haqda oxucularımıza məlumat verməyinizi istərdik... 

   - Mən Dryauş (Elçin) Hatəmi Güney Azərbaycanın Arazbar (Xudafərin) bölgəsindənəm, İran rejiminin Güney Azərbaycan Milli və siyasi fəallarına uyğuladığı təzyiqlər səbəbindən vətəni tərk etdim və indi 2 ilə yaxındır ki, Türkiyədə BMT-nin qeydiyyatı altında yaşayıram. 

   - Bu illər ərzində Türkiyədə soydaşlarımızın vəziyyətini, Azərbaycan diasporunun durumunu necə gördünüz? 

   - Azərbaycan türkləri müxtəlif səbəblər üzündən öz yurdunu tərk edib xarici ölkələrdə dağınıq şəkildə yaşayırlar. Açıq etiraf etmək lazımdır; Azərbaycan diasporu dünyada ən zəif diasporlardan biridir. Bunun da müəyyən səbəbləri var. Çünki Azərbaycan diaspor təşkilatlarının əksəriyyəti öz mənafeyini güdür və yalan məlumatlar verməklə güclü bir diaspor olduqlarını söyləyirlər. Halbuki yaşadığım ölkədə - qardaş Türkiyədə əksəriyyət Güney Azərbaycanın harda olduğunu bilmir və tanımır, Quzey Azərbaycanın da yalnız adını eşidiblər. Orada olan xalqın kimliyi və problemləri barədə bilmirlər. Demək olar ki, Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti yoxdur. Yalnız bir neçə kiçik müstəqil dərnəklər var ki, onların da fəaliyyəti məhduddur. Diaspor təşkilatlarının bu siyasətləri hər il millətimizə milyon dollarla ziyan vurur. Azərbaycan diasporundakı bu ab-hava müstəqil quzeyli ve güneyli soydaşlarımız da daxil olmaqla bütöv bir Azərbaycan diaspor cəmiyyəti və təşkilatının yaranmasına maneələr törədir.

   - Sizcə, diaspor işində fərdi təşəbbüslər daha effektlidir, yoxsa kollektiv? 

   - Mən də müstəqil bir fərd kimi İstanbulda az da olsa Azərbaycanın mənafeyi uğrunda çalışan bütün dərnəklərlə, təşkilatlarla əməkdaşlıq edirəm. Misal üçün, Güney Azərbaycan birlik komitəsininin fəaliyyətində yaxından iştirak edirəm. İran rejiminin millətimizə qarşı irqi siyasətinə üsyan əlaməti olaraq mədəni formada mitinqlər təşkil edir və mediaya xəbərlər yayırıq. Biz maddi imkanımızın az olmasına baxmayaraq, əlimizdən gələn qədər millətimizin demokratiyası, mədəni və insani haqları naminə fəaliyyət göstəririk. 

   - Necə fikirləşirsiniz, Azərbaycan diasporu dünyanın tanınmış diasporlarının səviyyəsinə çatması üçün nə qədər zaman qət etməlidir? 

   - Hesab edirəm ki, Azərbaycan diasporu mütəşəkkil bir qüvvə olmaq üçün müstəqil fəaliyyət göstərməlidir. Onun fəaliyyəti nə iqtidara, nə də müxalifətə bağlı olmalıdır. Millətin ziyalıları öncə inamla, sədaqətlə və ağılla demokratik bir ruhda əməkdaşlıq aparmalı və bütöv Azərbaycan mənafeyi uğrunda bunun təməlini qoymalıdırlar. Hökumət tərəfindən diasporun işinə müdaxilələr olmamalı, kifayət qədər maddi və mənəvi dəstək verilməlidir. Azərbaycan müxalifəti də imkanı olduğu qədər diaspor təşkilatına yardım etməlidir. 

   - Azərbaycan diasporunun qarşısında dayanan başlıca hədəflər hansılar olmalıdır? 

   - Quzey və Güney Azərbaycanın ciddi problemləri var. Bu problemlərin həllini beynəlxalq səviyyədə qaldırmaq ən önəmli məsələlərdən sayılır. Güney Azərbaycan türklərinə İran rejimi tərəfindən törədilən mədəni soyqırımı, Quzey Azərbaycanın da Xocalı soyqırımını, Ermənistan tərəfindən 20 faizdən çox ərazisinin işğal olunmasını və 1 milyondan çox qaçqının problemini müxtəlif vasitələrlə bütün dünya ictimaiyyətinə çatdırmaq və bu problemlərin həlli üçün onların yardımını qazanmaq diaspor təbliğat işinin başlıca vəzifələrindən olmalıdır. Bu haqda mediada ardıcıl olaraq xəbər və verilişlər verilməli, ali məktəblərdə simpozium və konfranslar təşkil edilməlidir. Bir də diasporun beynəlxalq təşkilatlarla, o cümlədən BMT və ona bağlı olan qurumlarla sıx əlaqədə olması, ən azından bu problemləri onların bilməsi və biganə qalmaması üçün önəmli işlərdən sayılır. 

   - Bəs Azərbaycan diasporu ciddi güc əldə etməsi üçün sizcə, dünyadakı başqa hansı diaspor qurumları ilə birgə fəaliyyət göstərə bilər? 

   - Çox mühüm bir məsələyə toxundunuz, bir diaspor təşkilatı beynəlxalq səviyyədə daha güclü olmaq üçün ideoloji baxımdan eyni cəbhədə çalışan digər ölkələrin diasporları ilə əməkdaşlıq etməli və fikir mübadiləsi aparmalıdır. Bunların içində bizə yaxın olanı Türkiyə diasporudur. Yəhudilər dünya səviyyəsində böyük bir diaspora sahibdilər. Onların təcrübələrindən faydalanmaq, onlarla fikir mübadiləsi aparmaq bütöv Azərbaycan diasporu üçün lazımi fəaliyyətlərdən sayıla bilər. Azərbaycan diasporunun bu ölkələrlə əməkdaşlığı, daha effektiv nəticələr verə bilər. 


   


Aynurə MƏMMƏDOVA
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilib

Ekspress qəzeti