12.05.2011

Güney Azərbaycan talan olunur

İranda milli və vətəndaş haqları uğrunda mübarizə aparan yüz minlərlə Azərbaycan türkü var. Milli fəal kimi tanıdığımız soydaşlarımızın sivil və dinc yollarla apardıqları mübarizə rejim tərəfindən çox amansız qarşılanır, çox vaxt həbslərlə nəticələnir. Milli mücadiləyə görə edam olunan siyasi məhbuslar da az deyil. Rejimin davamlı təqiblərinə məruz qalan minlərlə soydaşımız öz Vətənini tərk edərək xaricdə siyasi mühacir həyatı yaşamağa məcbur qalıb. Hazırda dünyanın müxtəlif ölkələrində siyasi sığınacaq alan 7 milyona yaxın Güney Azərbaycan türkü var. Onlardan biri də 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalının Arazbar (Xudafərin) bölgəsində Sarıcalı kəndində doğulan, hazırda Türkiyədə yaşayan Elçin Hatəmidir. Çox erkən yaşdan siyasi fəaliyyətə başlayan soydaşımız "Xalq Cəbhəsi"nə müsahibəsində milli fəalların apardığı mübarizə yolları, üzləşdikləri çətinliklərlə bağlı suallarımızı cavablandırıb.



- Öncə özünüz haqda məlumat verərdiniz? Harada təhsil almısınız?

- Beşinci sinfə qədər kəndimizdəki orta məktəbdə oxudum, sonra orta təhsilimi Bəzz qalasının ətəyində yerləşən Kəleybər şəhərində davam etdim. Orada da orta məktəbi bitirdim. Siyasi fəaliyyətimə elə orta məktəbdə təhsil alarkən başladım. Dostlarımla yaşadığımız şəhərdə Azərbaycan mədəniyyətini təbliğ edir, soydaşlarımızı milli dəyərlərimizə sahib çıxmağa və müdafiə etməyə dəvət edirdik. 1997-ci ildə Rəşt şəhərində yerləşən Gilan Universitetinə qəbul oldum.

- Milli mübarizəyə necə qoşuldunuz? 

- Universitetə daxil olduğum illər İranda islahat dövrü idi. Siyasi fealiyyət üçün az da olsa imkan yaranmışdı. Mənim tələbəlik illərim bu dönəmə təsadüf etdi. Siyasi fəaliyyətim daha da genişləndi. Gilan Universitetində təhsil alan bir neçə başqa milli fəallarla birgə "Qopuz" adlı tələbə dərgisi nəşr etməyə başladıq. Universitetimizdə Azərbaycan türkcəsi, tarixi və milli mədəniyyətiylə bağlı tədbirlər təşkil edirdik. Rejimin Azərbaycan türklərinin assimilyasiyasına yönələn siyasəti, tapdalanan milli haqlarımızla bağlı açıq şəkildə söhbətlər aparırdıq. Bu cür təbliğata çox ehtiyac vardı. Hər addımda irqçi rejimin aşağıladığı, təhqirə məruz qoyduğu azərbaycanlılar milli aşınmaya məruz qalmışdılar. Hakimiyyət uzun illər apardığı assimilyasiya siyasətinə müəyyən qədər nail olmuşdu. Bir çox azərbaycanlı tələbələr türk olduqlarını danır, hətta milli kimliklərindən utanırdılar. Odur ki, gənclərimizə aşılanmış ilk növbədə xalqımızın şərəfli keçmişi, malik olduğumuz dəyərlər haqqında məlumatlar verirdik. Gənclik olaraq milli kimliyimizdən imtina etməməli, əksinə qürur duyaraq sevməli və sahib çıxmalı idik. Əks halda millət olaraq məhv olmaq təhlükəsi bizi gözləyirdi. Tələbələrin milli fəaliyyəti yalnız bizim universitetdə deyildi. Digər ali məktəblərdə də azərbaycanlı gənclər bu cür çalışmalar həyata keçirirdilər. Gün keçdikcə milli fəalların sayı artmağa başladı. Statistikaya görə, indi də mübarizə aparan və həbs olunan fəalların çoxunu universitet tələbələri təşkil edir.
2002-ci ildə Tehran Universitetinin magistratura pilləsinə müvəffəqiyyətlə daxil oldum. Təhsilimlə yanaşı, siyasi çalışmalarıma da davam edirdim. Fəaliyyət göstərən bütün dərnəklərlər və siyasi təşkilatlarla əməkdaşlığım vardı. Aksiyalar təşkil edir, soydaşlarımızı mitinqlərdə iştiraka dəvət edirdik. 2003-2004-cü illərdə Babəkin doğum günü münaisbətilə Bəzz qalasna yürüşlər həyata keçirdik. Təbrizdə və bir neçə başqa şəhərlərdə Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümünün, Səttarxan və Səfərxanın anma mərasimlərinin təşkilində yaxından iştirak etmişəm. 

- İranda Azərbaycan türklərinin hansı haqları pozulur?

- İran adlanan ölkədə bir neçə millət yaşayır. Farsları nəzərə almasaq, say çoxluğu baxımından Azərbaycan türkləri, türkmənlər və Qaşqay türkləri birinci yerdədir. 1920-ci illərdən başlayaraq İranda fars irqçi təfəkkürünə söykənən Pəhləvi sülaləsi hakimiyyətə gəldi. Hakim ailənin yürütdüyü siyasət qeyri-fars millətlərinin maddi və mənəvi olmaqla bütün dəyərlərini məhv etməyə və farslaşdırmağa yönəlmişdi. Digər qeyri-farslar kimi bu irtica siyasətə məruz qalan Azərbaycan türklərinin mədəni soyqırımı Rza şahın dövründən başlayaraq bu günə kimi davam edir. Milli istismara uğrayan millətimizin beynəlxalq hüquqda yer alan bütün insan haqları pozulur. Güney Azərbaycanın mədənləri və başqa təbii sərvətləri talan edilərək əldə edilən gəlir fars mənşəli bölgələrin abadlaşdırılmasına sərf olunur. Millətimizin tarixini təhrif edərək uydurma məlumatları yeni nəslə sırımağa çalışırlar. Övladlarımız məktəblərdə millətimizin mədəniyyəti ilə bağlı heç nə öyrənə bilmirlər. Bu gün də yürüdülən irtica siyasət Azərbaycan türklərinin millət olaraq məhvinə, mədəni soyqırımına davam edir.

- Rejimə qarşı necə mübarizə aparırdınız? 

- İran rejiminin Güney Azerbaycan türklərinə etdiyi zülmə və ədalətsizliyə qarşı sivil yollarla mübarizə aparmaq hər bir azərbaycanlı ziyalının mənəvi borcudur. Çoxları kimi mən də bu zalım siyasətin qarşısında susa bilməzdim. İranda yaşayan digər millətlərdən fərqli olaraq biz daha demokratik və mədəni yollarla mübarizə aparırıq. Mücadiləmizdə zorakılığa və şiddətə əl atmır, haqlarımızı beynəlxalq hüququn icazə verdiyi çərçivədə tələb edirik. İndiyədək mübarizəmizdə hər hansı bir hüquq pozuntusuna yol verməmişik. Millətimiz mədəni yollarla, məsələn, aksiyalarla, elmi konfranslar keçirməklə, yürüşlər və imzatoplama kampaniyaları təşkil etməklə və s. üsullarla haqqını tələb edir. Bu gün Güney Azərbaycandakı milli mübarizənin informasiya dəstəyinə ehtiyacı var. Mən də bu millətin bir oğlu kimi bacardığım qədər Güney Azərbaycanla bağlı məlumatları yaymağa çalışıram. Hazırda xaricdə yaşasam da, mübarizəmə yenə də davam edirəm. Milli istiqamətdə fəaliyyət göstərən dərnəklər və təşkilatlarla əməkdaşlıq edirəm.

- Milli fəalların mübarizəsini rejim necə qarşılayır?

- İranda avtoritar rejimin iqtidarda olduğunu bütün dünya bilir. Bu rejim hakimiyyətə gələn gündən terrorçuluqla, müxalifəti məhv etməklə məşğuldur. İndiyədək on minlərlə müxalifətçi edam edilib. Tək bizim hərəkatda yüzlərlə milli fəal güllələnib, asılıb və ya sui-qəsdlə öldürülüb. Siyasi məhbusların əksəriyyəti işgəncələrə məruz qalıb. Bu cinayətlər indi də davam edir. Elə bir gün yoxdur ki, milli fəalların ya həbsi, ya da onlara təzyiq göstərilməsiylə bağlı xəbərlər yayılmasın. Bu məlumatları tək biz yox, beynəlxalq media da işıqlandırır. 

- İran dövlətindən tələbiniz nədir?

- İran dövlətinin qanunları o qədər anti-demokratikdir ki, vətəndaşların ən təbii haqlarını təmin etmir. Bu cür qanunvericiliklə ədalətsizliyə uğrayan insanlar pozulmuş hüquqlarını tələb və müdafiə edə bilmirlər. Ölkədə haqq-ədalətin və bərabər hüququn təmin olunması üçün tək qanunvericilikdə dəyişikliyin edilməsi kifayət etməz. Çünki hətta demokratik normalara qismən yaxın qanunlar da tam şəkildə icra olunmur. Odur ki, rejimin kökündən devrilməsinə ehtiyac var. Dövlət idarəçiliyinə demokratik sistem keçməlidir ki, Azərbaycan türkləri beynəlxalq hüquq çərçivəsində öz müqəddəratını özü müəyyən edə bilsin. "Körpüləri" yanmış rejimin istər daxildə, istərsə də beynəlxalq aləmdə nüfuzunu və etimadını itirib. Bu durumda hazırkı İran hakimiyyəti ilə danışıqlar aparmaq əhəmiyyətsizdir. Liviyanın, Misirin, Tunisin yaşadığı aqibət gec-tez İranın da başına gələcək. 

- Rejimə qarşı mübarizədə bütün qeyri-fars millətləri birgə mübarizə apara bilərlər? 

- İran rejimi bütün qeyri-fars millətlərinin, o cümlədən Azərbaycan türklərinin ortaq düşmənidir. Əgər bu millətlərin hamısı birləşib bir cəbhədə mübarizə aparsalar, o zaman İran rejimini çox asanlıqla və tezliklə devirmək mümkün olacaq. Fikrimcə, qeyri-fars millətlərinin təmsil olunduğu təşkilatlar bir araya gələrək aralarındakı ixtilafları dialoq yoluyla həll edərək güclərini ortaq düşmənə qarşı səfərbər etməlidirlər. Son illər bir neçə təşkilat bu istiqamətdə addımlar atsa da, hələlik bir nəticə əldə edilməyib. 

- Sizcə, milli mübarizə nəticə verəcəkmi? 

- İstismarçı və avtoritar rejimlərə qarşı millətlərin milli qurtuluş mücadilələri geniş səviyyədə təxminən XIX əsrin sonlarından başlayıb. Bu mübarizələrin əksəriyyəti inqilablarla nəticələnib. Bu kimi hallarda çevrilişlər qaçılmaz olur və tarixi şərait inqilabı hazırlayır. Çünki etirazlar və təntənəli nəticəsi olan inqilablar o zaman baş verir ki, xalqın bir çoxu hökumətdən narazı olur və əhalinin tələbləri gündən-günə artır. Dövlət xalqın istək və tələblərini yerinə yetirə bilməyəndə etirazlar ölkə boyu yayılır. Beləliklə daxili, eləcə də beynəlxalq mühitdən dəstək alan etiraz coşğusu inqilabla nəticələnir və xalqın qələbəsiylə sona çatır. İran üçün də bu aqibət gözlənilir. İranın daxilində artan etirazlar, iqtisadi-sosial gərginliklər, beynəlxalq etimadın itirilməsi inqilabdan xəbər verir. Güney Azərbaycan türkləri bu inqilabın qaliblərindən olacaqlar. 

- Güney Azərbaycanın sabahını necə görürsünüz?

- Güney Azərbaycan mövzusu artıq vətənimizin sərhədlərini aşaraq beynəlxalq müstəviyə çıxıb. Dünya ictimaiyyəti Azərbaycan türklərinin öz haqları uğrunda apardığı mübarizəni mədəni və sivil hərəkat kimi qəbul edərək dəstəkləyir. Bu gün bir çox beynəlxalq konfranslarda İranda qeyri-fars millətlərinin pozulmuş hüquqlarından bəhs olunur, bu ölkənin gələcəyi ilə bağlı müzakirələr aparılır. Daxildən də göründüyü kimi, milli mübarizə getdikcə daha da güclənir. Əgər bu cür də davam etsə, rejim əleyhinə fəaliyyət göstərən bütün qüvvələr həmrəy olsa, düzgün diplomatik addımlar atılsa, o zaman gələcək bizimdir! 

Real Cəfərli  
Xalq Cəbhəsi qəzeti