Qurban bayramı nəzəri və fəlsəfi baxımdan ən qədim bayramlardan biridir. Tarix boyu insanlar qurban verməklə günahlarının bağışlanmasını tanrıdan tələb etmişlər. Hətta tanrıya insan qurban vermək ənənəsi bir sıra toplumlarda mövcud olub.
Bəzi milli və dini görüşlərə görə, güclü insanlar daha çox gücsüzləri öldürməklə həm özlərinin, həm də qurbanların günahlarının tanrı tərəfindən bağışlanacağına inanıblar. Dünyada bir çox insan bu ideologiyanın qurbanı olub. Lakin Allah Həzrəti İbrahimin oğlunu qurban kəsməsinə qarşı çıxaraq belə buyurur: “İnsan yerinə heyvanı kəsib bütün yoxsullar arasında ətini paylaşdır’’. Bu yanaşma tarixdə insanın ideoloji təkamülündə böyük rol oynadı. Bununla da bəşəriyyət tərəqqiyə doğru bir addım sıçrayaraq az və ya nisbi olsa da, insanı humanızmə daha da yaxınlaşdırdı. Lakin təəssüf ki, texnologiyanın və elmin inkişaf etdiyi XXI əsrdə hələ də bir sira ideoloji və fundamental rejimlər öz hakimiyyətini saxlamaq üçün insanları qurban etməkdən çəkinmirlər. Onlar insanları ideoloji tanrıların düşməni olmaqda günahlandıraraq öz cinayətlərini ideoloji tanrının bir ədaləti kimi qələmə verməyə çalışırlar. Bu ideoloji düşüncə ilə hakimiyyətini qorumağa çalışan rejimlərdən biri də İran İslam Respublikasıdır.
Pəhləvilər dönəmi: bir ailə üçün minlərlə insan qurban
Pəhləvilər dönəmində neft ixracı sayəsində İran müəyyən inkişafa nail olsa da, insan haqları baxımdan orta əsr Avropasından fərqlənmirdi. O zaman ölkənin bütün idarələrində, müəssisələrində başda Allah, sonra şah, daha sonra isə vətən yazılırdı. Lakin Allah və vətəndən daha çox insanlar şahı pərəstiş etməyə məcburdular. Bu dönəmdə şaha muxalif olan bir çox insanlar təfəkküründən asılı olmayaraq vətən və şah xaini adlandırılıb Pəhləvi sülaləsinin hakimiyyəti uğrunda öldürülürdü. Bir çoxları şaha pərəstiş etməkdən imtina etdiyi və fərqli düşündüyü üçün həbs edilərək zindanlarda ağır işgəncələrə məruz qalır və ya güllələnirdilər. Onların əksəriyyəti ziyalılar və gənc tələbələr idi. Pəhləvi rejiminin cinayətlərinə nümunə olaraq Güney Azərbaycan Demokrat Firqəsinin 30 minə yaxın üzvünün və tərəfdarının edam edilməsini göstərmək olar. Hətta tarixi faktlara görə, bir neçə demokrat fədaini Təbriz şəhərində şahın qarşısında qurban kəsiblər və bir sıra yaltaqlar, feodallar buna sevinərək şahı təbrik ediblər. Pəhləvi ailəsi üçün qurban gedənlərin sayı o qədər çoxdur kı, indiyədək müxtəlif səbəblərdən rəsmi bir statistika əldə edilməyib. Hələ də bu rejimin cinayətləriylə bağlı bir çox həqiqətlər aşkar edilməyib.
Molla rejimi dönəmi: ideoloji tanrıya hamı qurban
Pəhləvi hakimiyyətinə müxalif qüvvələr səfərbər olub 1979-cu ildə molla rejimini hakimiyyətə gətirdi. Şah səltənətinin süqutundan sonra müxtəlif səbəblərdən şəriətçi və ya dinçi qruplar digərlərini əzərək (məhv edərək) bu yolla hakimiyyəti ələ keçirdilər. Dinçi qüvvələr şiə fiqh qanunlarına istinad edərək şəriət qanunlarını dövlət idarəçiliyində tətbiq etməyə başladılar. Bu qanunlara əsasən, hər bir şəxs və ya təşkilat şəriət dövlətinə qarşı çıxsa, Allahla müharibə aparmaq kimi dəyərləndirilir və edamla cəzalandırılır. Çünki rejimə qarşı çıxanlar şiə mollaların əqidəsinə görə mürtəd ya kafir sayılır. Mollaların qənaətincə, həmin şəxslər ölməlidir ki, bütün yer üzü təmizliyə çıxsın. Bu zəhərlənmiş və geridə qalmış düşüncə 1979-ci ildən indiyədək insanlara tətbiq olunur. İran fundamentalist və avtoritar rejim olaraq hakimiyyətini bərkitmək və davam etdirmək üçün insanlara qarşı hər bir cinayətə əl atır. Bu günə qədər bəlkə də yüz minlərlə işçi, ziyalı, siyasətçi, tələbə, mütəxəssis, həkim və başqa vətəndaşları bu düşüncəyə qurban edilib. Rəsmi statistikaya görə, İran rejimi ən çox insan haqlarının pozulduğu, məhbusların edam edildiyi ölkələrdən biridir. Tək 2011-ci il sentyabr ayının sonuna qədər 600 nəfərdən çox insan dar ağaclarından asılıb. Qeyri-rəsmi mənbələr bu rəqəmin daha çox olduğunu bildirir. İran rejimi insanları müxtəlif yollarla ideoloji tanrıya fəda edir. Bir çox nümunələr bu rejimin rəhbərlərinin və idarəçilərin nə qədər cahil təfəkkürə malik olduğundan xəbər verir. Qurbanlıq insan seçimini bu cür ümumiləşdirmək olar:
1.Siyasi fəalların əksəriyyəti və onların (hətta 18 yaşdan aşağı) ailə üzvləri. Daha çox işgəncə, güllələnmə və dar ağacından asma yoluyla öldürülür.
2.Başqa dinlərə və məzhəblərə mənsub olan insanlar. Xüsusilə bəhailər, sufilər, sünnilər, ələvilər və başqa dinləri (məzhəbləri) şiə məzhəbinə tərcih edən insanlar. Mollaların qənaətinə görə, bu kateqoriyaya aid insanların yaşamaq haqqı yoxdur.
3.Başqa ölkələrə casusluqda günahlandırılanlar. Yəhudi vətəndaşlar İsrail və ABŞ-a casusluqda ittiham olunurlar.
4.Başqa etniklərə və ya millətlərə mənsub olan şəxslər (qruplar). O cümlədən Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluçlar və türkmənlər ölkəni bölmək cəhdində təqsirləndirilirlər. Bu ittihamların cəzası İran rejiminin qanunlarına görə ölümdür.
5.Qadınları daşqalaq etmək, müxtəlif siyasi qruplara mənsub olan (hətta hamilə) qadınları edam etmək, şəriət qanunlarının izniylə ölümə məhkum edilmiş bakirə qızlara təcavüz etmək.
Qeyri-rəsmi statistikaya görə, İran rejimi 1979-1989-cu illərdə hər gün təxminən 200 nəfəri edam edib. Ən acınacaqlısı odur ki, molla rejiminin əliylə qurban edilən insanların əksəriyyətinin harada dəfn edildiyi məlum deyil. Ailələrinə onların yalnız öldürüldüyü bildirilib. Hətta bir çox ailələrə pul qarşılığında övladlarının qanlı paltarını veriblər. Rejimin insanlara qarşı qeyri-insani münasibəti və cinayətləri indi də davam edir. Hələ də bir çox həqiqətlər tarixin gizli səhifələrində qalaraq gün üzünə çıxarılmayıb. İranın tabeliyində olan digər ərazilər kimi, Güney Azərbaycanın bütün şəhərləri də düşüncələrindən asılı olmayaraq bu qurbanlıqların məzarlarıyla doludur. Son zamanlarda bir çox milli-mədəni fəallar İran rejimi tərəfindən güllələnərək şəhid düşürlər. Övladlarını ideoloji tanrıyla mübarizədə qurban verən gözüyaşlı anaların ürəkləri nifrətlə doludur. Səbrsizliklə və ümidlə azad gələcəyi gözləyirlər.
YAYINLANAN SAYT:
http://d-a-k.org/index.php?option=com_content&view=article&id=101901:deoloji-tanr-v-qurbanlqlar&catid=111:guneyazerbaycan&Itemid=356