İslam dövləti olduğunu iddia edən İranın başqa bir
islam ölkəsi olan Azərbaycan Respublikasına qarşı düşmənçilik mövqeyi aydın
şəkildə görünür. Fələstin üçün sözdə
canfəşanlıq edən rəsmi Tehranın başqa bir islam torpağını zəbt edən Ermənistana
qucaq açması, ona hər cür dəstək olması İranın gerçək üzü və siyasətindən
xəbərsiz olanlarda təəccüb və sual yaradır: “İran nə üçün Azərbaycana
qarşı düşmən mövqedə dayanır? İslam olkəsinə dəstək verəcəyi halda niyə
təcavüzkar Ermənistana yardım göstərir?” Əslində cavab elə sualların özündə
yatır. Məsələyə daha ətraflı şəkildə aydınlıq gətirmək üçün tarixin
qanlı-qadalı səhifələrini vərəqləməli oldum.
İran xülyasının cücərməyən toxumu
(rəngi
solmuş yalanlar)
1979-ci ildə şah
rejiminin devrilməsindən sonra indiki molla rejimi müxtəlif fəndlərdən istifadə
edərək hökuməti ələ keçirdi. Bu, digər müxalif qüvvələrin zərəri və məhv
edilməsilə nəticələnən qanlı toqquşmalar nəticəsində baş tutdu. Yeni hökumət
xarici siyasətini iki ideologiya əsasında qurmağa başladı: qondarma islam
inqilabının ideyalarını bütün dünyaya ixrac etmək və bu yolla Qərb ölkələrinin
dünya səviyyəsində tərəqqisinə, üstünlüyünə kölgə salmaq. Hökumətin bu siyasaəti
əsasında xarici ölkələrdə yaradılan terror qrupları rejimin maddi və mənəvi
dəstəyi ilə dünyanın müxtəlif yerlərində din adına terror aktları törətməyə
başladılar. İndiyədək yüzlərlə sivil insanın öldürüldüyü çox sayda terror aktları
törədilib. Lakin bütün ciddi cəhdlərinə baxmayaraq, İran xarici siyasətində
nəzərdə tutduğu hədəfinə nail ola bilmədi. İslam inqilabının ideyalarını ixrac
cəhdləri sadəcə xülya olaraq qaldı və gerçəkləşə bilmədi. Çünkü hökumət bunu
sülh, humanizm və dostluq yolları ilə deyil, anti-demokratik və zorakılıq yolu
ilə əldə etməyə çalışır. Odur ki, beynəlxalq aləmdə mənfi imic ilə tanınan
İranda indiki rejimin varlığı və siyasəti dünyada sülh və əmin-amanlıq üçün
təhlükə sayılır.
Qəsbkar müttəfiqlər
(Qorxudan
azadlıq, qaranlığa sığınan köləlik, işğala dayanan “dostluq”)
Sovet İttifaqının
dağılması isə İranın şimal sərhədlərindən kommunizm təhdidini aradan qaldırdı.
Lakin Tehran rejimi bu dəfə də Quzey Azərbaycanda yaranan milli dövləti -
Azərbaycan Respublikasını özünə qarşı yeni təhlükə kimi görməyə başladı.
Bölgənin geosiyasətində baş verən hadisələr neft və təbii sərvətlərə malik
ölkələr arasında beynəlxalq səviyyədə rəqabəti daha da artırdı və bölgə siyasi
mübarizə meydanına çevrildi. İrana şimalda müstəqilliyini qazanan və öz
dövlətini quran Quzey Azərbaycanı özü üçün əsas təhlükə hesab edir. Odur ki,
Azərbaycan Respublikası yaranan bir gündən İran bu dövlətə qarşı siyasət
yürüdərək ölkədaxili məsələlərinə müdaxilə etməyə çalışır. Tehranın rəsmi Bakıya
qarşı indiyə kimi yürütdüyü siyasəti 4 mühüm faktora əsaslanır:
1.Güney Azərbaycan
faktoru: Quzeydə baş verən proseslər və inkişaf İran əhalisinin 40%-dan çoxunu
təşkil edən Azərbaycan türklərinə və Güney Azərbaycan Milli Hərəkatına müsbət
təsir edir və güclənməsinə səbəb olur. Təbii bu da İran rejimini narahat edir
və Tehran Quzeydə gedən inkişafı və tərəqqini müxtəlif yollarla əngəlləməyə
çalışır.
2.Qarabağ məsələsi
və İranın qərəzli mövqeyi: Bu məsələdə İran hər zaman Ermənistana dəstək olaraq
ona hər cür yardım göstərib. Bu məsələdə maraqlı olan İran heç zaman tərəfsiz
mövqe nümayiş etdirməyib, həmişə təcavüzkar Ermənistana arxa çıxıb, Azərbaycana
qarşı siyasət yürüdüb.
3.Xəzər dənizinin
hüquqi statusu məsələsi: İran tək Azərbaycanla deyil, başqa Xəzəryanı ölkələrlə
də bu barədə indiyədək razılıq əldə edə bilməyib, bu ölkələrin neft və qaz
ixraını müxtəlif yollarla əngəlləməyə çalışıb.
4.Azərbaycanın Qərb
və Avropa Birliyi, xüsusilə ABŞ və İsraillə yaxın əlaqələri: İranda dinçi
dövlət yaranan gündən Qərbi, ən başlıcası da ABŞ-ı və və İsraili birinci
dərəcəli düşməni sayıb. Daim Qərb və onunla müttəfiq olan dövlətlərin milli
maraqlarına müxtəlif yollarla zərbə vurmağa çalışaraq zərər yetirmək
istəyib.
Demək olar ki, İran
Azərbaycan Respublikası ilə Güney Azərbaycan faktoru əsasında əlaqələrini
tənzimləyir, digər faktorları bunun üçün bir vasitə olaraq istifadə edir.
İranın daxili siyasətində də Güney Azərbaycan faktoru önə çıxır. Bu ölkənin
hətta orta məktəb dərsliklərində rejimin irqçi təsəvvürlər və təhrif olunmuş
tarixi yer alıb. Yalan məlumatlarla xalqın zehniyyətini və baxışını
formalaşdırmış və idarə etmişdir. Fars millətçilərinin dərc etdirdiyi təhrif
olunmuş tarix kitablarında yazılıb ki, guya Quzey Azərbaycan 1812 və 1828- ci
illərdə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri nəticəsində İran
topraqlarından ayrılıb. İndi də Quzeyin guya ana vətəni olan İranla tarixi,
mədəniyət və məzhəb əlaqələri var. Rejim hakimiyyətini əldə saxlamaq üçün
qondardığı bu yalan tarix bütün məktəblilərə tədris olunur və xalq yalanlar
üzərində qurulan xam xülyalarla idarə olunur. Tarixin bu cü təhrif olunması və
dövlətin dərc etdirdiyi dərsliklərdə yazılması tək keçmişə aid deyil, bugünkü
Azərbaycan Respublikasına qarşı da təxribatdır. İran tarix kitablarında İranın
tarixi sivilizasiyasını Çindən başlayaraq Qara dənizin ətrafındakı bölgələr də
daxil olmaqla öz xəritəsində yerləşdirir və bu sivilizasiyanın əsas xüsusiyyəti
kimi irançılıq və fars dili kimi göstərilir. Həmin qondarma xəritəyə Quzey
Azərbaycan da daxil edilib. Hətta İranda dövlət tərəfindən Quzey Azərbaycanı
nəzərdə tutan “Şimali İran” adlı bir jurnal nəşr olunur və orada Quzey,
Azərbaycan türkcəsi və tarixi ilə bağlı saxtalaşdırılmış məlumatlar dərc
edilir. İran rejimi müxtəlif vasitələrə əl ataraq Azərbaycan Respublikasını öz
təsiri altına salmaq istəyir və bu səbəbdən də indiyə kimi İran dövləti
Azərbaycanın daxili işlərinə müdaxilə siyasətini davam etdirir. Bununla da
Quzey Azərbaycanın İrandakı türk xalqının oyanışına və milli azadlıq mübarizəsinə
təsirini azaltmağa çalışır. Bu məqsədlə də rejim Azərbaycan dövlətini
müxtəlif yollarla zəiflətməyə və bölgədə gedən bütün demokratik prosesleri
əngəlləməyə can atır. Bu işdə ETTELAAT-ın vasitəsilə narkotik maddələri xalq
içində yaymaq, islam inqilabının ixracı doktrinası əsasında müxtəlif radikal
dini qrupları maliyyələşdirmək, asayişi pozmaq yollarında istifadə olunur. İran
hər vasitəyə əl ataraq Quzeydə də İranda hökm sürən rejimin qurulmasına
çalışır. Bu siyasətində heç bir nəticə əldə edə bilməyən İran indiyə kimi
Azərbaycanın torpaqlarını işğal edən Ermənistan dövlətinə hərtərəfli dəstək
olmuş və yardım etmişdir. İran 1992–ci ildə törədilən Xocalı soyqırımında,
Şuşanın və Laçının işğal edilməsində Ermənistana yardım göstərməklə Azərbaycana
dəfələrlə xəyanət edib. Demək olar ki, tarix boyu İranla Ermənistanın əlaqələri
“düşmənimin düşməni mənim dostumdur” prinsipi əsasında qurub. Bu yöndə İran hər
zaman türklərə qarşı Ermənistanı bir vəsilə kimi istifadə edib. Sirr deyil ki,
Ermənistanın dünyaya açılan tək qapısı İrandır.
Xəzər dənizinin
statusu məsələsində də İranın Azərbaycana qarşı siyasətinin təməlində təbii
sərvətlərə yiyələnmək dayanır. Azərbaycanın enerji sektorunda Qərb
sərmayələrini azaltmaq, neft və qaz kəmərlərinin İran ərazisindən çəkilməsini
istəyirdi. Lakin rəsmi Tehran bu niyyətinə də nail ola bilmədi. İran tək
xarici siyasətdə deyil, ölkə daxilində də bu məsələyə diqqət ayırır. Məsələn,
dərsliklərdə Xəzər deyil, Mazandaran dənizi olaraq yazılır.
Tündləşdikcə dərinləşən qaranlıq
(Saxta
dini təəssübkeşlik, yalan səmimiyyət, çökən "dəyər”lər)
İran üzdə
Azərbaycana qarşı dostluq münasibətində olduğunu bildirsə də, əslində pərdənin
arxa üzü nifrət və düşmənçilik ipləri ilə hörülüb. İran hər fürsətdə
Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizi nüfuzdan salmağa çalışır.
İrandan fərqi olaraq Azərbaycan dövləti hər zaman rəsmi Tehrana qarşı daha
demokratik və diplomatik yollarla münasibət saxlayıb. Halbuki İranın kəşfiyyat
orqanları müxtəlif xeyriyyə təşkilatları adı altında Azərbaycanda fəaliyyət
göstərir, İran mədəniyyət mərkəzləri, din xadimləri rəsmi Bakıya qarşı
çalışırlar. “Səhər” kanalı açıq şəkildə Azərbaycan xalqının və dövlətinin
əleyhinə hər gün yalan və təxtibat xarakterli xəbərlər yayır. Halbuki
Azərbaycanın heç bir media qurumu İranda fəaliyyət göstərmək üçün
qeydiyyata alınmır. Güney Azərbaycanda hər gün haqlarını tələb edən milli
fəallar həbs olunur və ağır işgəncələrə məruz qalır.
İran-Azərbaycan
münasibətinə diqqət yetirsək, hər zaman uduzan ölkənin İran olduğunu görərik.
İran hökuməti təzyiq və fırıldaq siyasətilə bir nailiyyət əldə edə bilməyib.
Bütün təxribatlara baxmayaraq. Azərbaycan neft-qaz sektorunda fəaliyyətinə
davam edərək, əsrin müqaviləsini - Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşasını
tamamlayaraq istehsal etdiyi neftin dünya bazarına ixracına nail olur. İranın
Ermənistanla yaxın əlaqəsi və bu ölkəyə hər baxımdan dəstək olması Güney
Azərbaycan türklərində milli oyanışa və türk kimliyi əsasında milli ruhun
yüksəlişinə səbəb olur. Tehranın bu siyasəti rejimə və fars şovinizminə qarşı
xalq içində nifrəti daha da artırır.
Nəticə: Yaxın səhərin görünən üfüqü
İranın Azərbaycan
siyasəti indiyə kimi digər faktorlardan daha çox Güney Azərbaycan əsasında
tənzimlənib və həyata keçirilib. Bütün təzyiqlərə baxmayaraq, İranın 40%-dan
çoxunu təşkil edən Güney Azərbaycan türkləri milli fəalların mübarizəsi, türk
kimliyi əsasında xalqı maarifləndirmələri və fəaliyyətləri nəticəsində ayağa
qalxaraq öz hüquqlarını əldə etməyə çalışırlar. İran hökuməti Azərbaycanın güneyində
gedən prosesləri yaxından izləyir və zorakılıqla bu milli hərəkatın qarşısını
almağa cəhd edir. Çünki Güney Azərbaycanda milli oyanış və mübarizə İranın
coğrafi varlığı, topraq bütövlüyü, fars şovinizminin yaratdığı “irançılıq”
kimliyi və onun rəmzi olan fars dili üçün böyük təhlükə sayılır. Məsələni
diqqətlə izləyən İran hökuməti Güney Azərbaycanı bürüyən milli oyanış
dalğasının Quzey Azərbaycandan təsirləndiyini düşünərək Azərbaycan
Respublikasına düşmənçilik edir, bu ölkəni zəiflətməyə və məhv etməyə çalışır.
İranın məqsədi başda Türkiyə olmaqla ABŞ və müttəfiqlərini nüfuzdan salmaq,
Xəzər dənizində Azərbaycanın iqtisadi fəaliyyətinə zərbə endirmək, Azərbaycanın
daxilində qarşıdurmalar yaratmaqla İran tipli bir şəriət hökuməti yaratmaqdır.
Güney Azərbaycan məsələsinin və bütöv Azərbaycanın yaranmasının qarşısını
almaq, Quzey Azərbaycanı zəiflətmək üçün daim Ermənistanla yaxın əlaqədə
olan İran bu ölkəyə hərtərəfli yardım edir. İran dövləti tərəfindən olan
hədələrə və təhdidlərə baxmayaraq, Quzey Azərbaycan gündən-günə inkişafa və
müasirliyə doğru irəliləyir. Hazırda Azərbaycan beynəlxalq səviyyədə tanınır,
özünə güclü müttəfiqlər və dost ölkələr qazanmaqdadır. Bunun əksinə İran
hökuməti dünya ictimayyətindən təcrid olunur, beynəlxalq təzyiqlərə və sanksiyalara
məruz qalır. Müstəqil Quzey Azərbaycanın getdikcə müasirləşməsi, iqtisadi
inkişafı və dünyada tanınması Güney Azərbaycan Milli Hərəkatına da öz müsbət
təsirini göstərir. Əgər İran dövləti xam xülyasından və irqçi ideologiyasından
əl çəkib ağıllı və real bir mövqedən çıxış etməsə, ən qısa zamanda dünyada
sülhə və əmin-amanlığa təhlükə sayılan avtoritar və şovinist rejimin çökməsinin
şahidi olacağıq.