1.08.2013

Elçin Hatəmi: SEPAH və ETTELAAT korrupsiya və oğurluqla məşğuldu


İranın kəşfiyyat və informasiya nazirliyi olan ETTELAAT generallarından bir qisminin adı hakimiyyət daxilində korrupsiya cinayətlərində hallanır.  Hökumət daxilində artıq bilirlər ki, ETTELAAT generalları iqtisadi oğurluqda, korrupsiyada iştirak edirlər. Bu barədə İran parlamentinin başçısı Əli Laricani iqtisadi cinayətkarlıqla mübarizə seminarındakı nitqində də bəhs edib.

 Ankarada yaşayan güneyli milli fəal, siyasi ekspert Elçin Hatəminin sözlərinə görə, parlament sədrinin çıxışı vəziyyətin ciddi olduğundan xəbər verir: “Laricani çıxışında deyib ki, ölkədə bir çox oğurluqlar və qaçaqmalçılıqda ETTELAAT məmurlarının və hökumət daxilində bir çox nüfuzlu şəxslərin əli var və bu məsələdə dövlət orqanlarında iqtisadi cinayətkarlıqla mübarizəni çətinləşdirir. Parlament başçısı həmçinin İranda hər il 18 milyard dollar miqdarında qaçaqmalçılıq barədə xəbərdarlıq edib. Laricaninin dediklərinə görə, bu cinayətkarların bir çoxu mediada, mətbuatda səs salmaqla çalışırlar ki, məhkəmənin bunların işinə baxmasında əngəl törətsinlər”. Elçin Hatəmi deyir ki, İranda son neçə ildə dövlət orqanlarında oğurluq halları artıb. Keçən il böyük bir bank oğurluğu olmuşdu: “Dövlət məmurlarına 3 milyard dollara yaxın rüşvət verib banklardan külli miqdarda kredit çəkmiş, sonra bankalara geri qaytarmamışdılar. Məhkəmədə  məlum oldu ki, bir çox nazirlər və dövlət rəsmilərinin da bu oğurluqla əlaqəsi var, amma İran dövləti məsələnin üstünü örtdü. Məhkəmə dövlət rəsmiləri yerinə Əmir Mənsur Ariya holdinginin sahiblərinin bir neçəsinin edamına və həbsinə qərar verdi”. Güneyli ekspertin sözlərinə görə, İranda qaçaqmalçılıqda İran inqilab keşikçiləri korpusunun (“Sepah”) və İran kəşfiyyat nazirliyinin böyük rolu var. Bu barədə ilk dəfə olaraq İranın sabiq prezdenti Məhəmməd Xatəmi məlumat verib. Məhəmməd Xatəmi öz prezdentlik dönəmində ETTELAAT-a məxsus olan qanunsuz gəmiləri limanlardan yığışdırmağa çalışdı: “ETTELAAT və SEPAH narkotik vasitələr, silah, hərbi təchizat alveri ilə məşğul olurdu və hal-hazırda Əhmədinejad dövründə bu qanunsuz gəmilərdən bir çoxu bərpa edilib və SEPAH ordan qaçaqmalçılıqla məşğul olur.
Mahmud Əhmədinejad, Xamneyi tərəfdarları tərəfindən öz yaxınlarına təziqlərə qarşılıq versin deyə SEPAH orqanının qaçaqmalçılıq məsələsini bir kart kimi onların qarşısında istifadə etdi. Əhmədinejad SEPAH mənsublarına qarşı qaçaqmalçı qardaşlar ifadəsini istifadə etdi və dedi ki, qanunsuz gəmilərin dəniz yolu vasitəsi ilə qanunsuz ticarətlə məşğul olurlar”. Xatırladaq ki, hazırda SEPAH və ETTELAAT İran ali dini lideri Əli Xamneyinin nəzarəti və fərmanı altında fəaliyyət göstərir və dini liderinin göstərişi və tapşırığı ilə ölkədə bütün iqtisadi və siyasi sahələri ələ keçiriblər. Elçin Hatəmi hesab edir ki, Əhmədinejadın bunların qarşısını alacaq  gücü yoxdu: “SEPAH və ona bağlı olan orqanlar Əhmədinejad və tərəfdarlarını mediada yolunu azmış şəxslər kimi  təqdim edirlər və bu təxribat qarşılığında, Xamneyinin müqəddəsləşdirib və ona məddahlıq edərək bu qrupun birdəfəlik ölkə siyasi səhnəsindən çıxarmağa çalışırlar. Əli Laricani də bu 2 qüvvə qarşısında Əhmədinejadın mövqeyinə yaxın bir mövqedən çıxış edərsə, SEPAH və ETTELAAT-ın qəzəbinə düçar olalacaq”. Elçin Hatəmi hesab edir ki, ölkənin hazırkı durumundan istifadə edən SEPAH və ETTELAAT Laricanini “vətən xaini”, “islam düşməni” adları ilə damğalayıb ölkə siyasətindən silə bilərlər.
Qaynaq: Olaylar Qəzeti